Qazaxın kəndlərinin dinc yolla qaytarılması İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir - RƏY

Qazaxın kəndlərinin dinc yolla qaytarılması İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir - RƏY Qazax rayonunun Ermənistanın işğalı altında dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması növbəti zəfərimizdir. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticəsidir.
Daxili siyasət
24 May , 2024 17:27
Qazaxın kəndlərinin dinc yolla qaytarılması İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir - RƏY

Qazax rayonunun Ermənistanın işğalı altında dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması növbəti zəfərimizdir. Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticəsidir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu: "Müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Lakin xarici havadarlarının vədlərinə inanan rəsmi İrəvan prosesi uzatmağa çalışırdı. Bu mövqe Ermənistanın ziyanına oldu. Ermənistan 10 noyabr razılaşmalarına əməl etmək istəmədiyi üçün ötən ilin sentyabrında ordumuz Qarabağda antiterror əməliyyatı həyata keçirdi və ərazi erməni separatçılardan tamamilə təmizləndi. Bununla da dövlət suverenliyimiz tam təmin olundu".

F.Yıldırımın sözlərinə görə, erməni tərəfi Qazaxın işğal altında olan kəndlərini də xoşluqla qaytarmaq niyyətində deyildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsi zamanı bəyan etdi ki, anklav olmayan 4 kənd qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır: "Söhbət Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən gedir. Artıq nəticə ortadadır, cənab Prezidentin bir sözü ilə bu kəndlər geri qaytarıldı. Əks halda, Ermənistan ordumuzun nəyə qadir olduğunu yaxşı bilir".

Deputat qeyd edib ki, əldə olunmuş razılıq, həm də delimitasiya istiqamətində atılan ilk addımdır. İlkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki konstruktiv mövqeyinin göstəricisidir. Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoymuş oldu - Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı bəyan etmişdi.

“44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistan müxtəlif bəhanələrlə sərhədlərin delimitasiyası prosesinə başlanılmasını, o cümlədən Qazaxın işğal altında olan kəndlərinin geri qaytarılmasını uzadırdı. Rəsmi İrəvan nəhayət anladı ki, razılığa gəlməkdən başqa şansı yoxdur, xarici havadarlarına güvənməklə də heç nəyə nail ola bilməyəcək. Çünki ərazilərini öz gücünə işğaldan azad və suverenliyini bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Qazaxın 4 kəndinin dinc yolla azad olunması 44 günlük müharibədə və Qarabağda keçirilən antiterror əməliyyatında qazanılan qələbənin davamıdır. Bütün hallarda prosesin dinc yolla həyata keçirilməsi sülh üçün ciddi zəmin yaradır”, - deyə F.Yıldırım vurğulayıb.

Son xəbərlər

Orphus sistemi