Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “Baku TV”-nin direktoru Ramin Cəfərov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd edilib ki, müasir və müstəqil Azərbaycanın uğurlarını, tarixi Zəfərin reallıqlarını, Azərbaycanın dünyada nüfuzunun artmasını, respublikanın müstəqil siyasət yürütməsini və dünya siyasi arenasının fəal aktoruna çevrilməsini bəzi dövlətlər qəbul etmir. Azərbaycana qarşı təhdidlərlə dolu qarayaxma, böhtan kompaniyaları aparırlar. Azərbaycana qarşı qərəzçilik nümayiş etdirən həmin dövlətlər son zamanlar ideoloji təxribatların reallaşdırılmasında fəallıqlarını daha da artırıblar.
Vurğulanıb ki, Azərbaycana qarşı ideoloji təxribat kompaniyası aparan qüvvələr birmənalı şəkildə bilməlidirlər ki, cəmiyyətin hər bir üzvü, xüsusilə də Azərbaycan gəncləri hər zaman dövlət və dövlətçilik naminə öz vətənpərvərliyi ilə nümunə olublar. Uzunmüddətli davamlı strateji siyasətin nəticəsində yetişən vətənpərvər Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək inamla Azərbaycanın inkişafı naminə öz töhvələrini verirlər.
Azərbaycana qarşı aparılan ideoloji təbliğat prosesində iştirak edənlər hər zaman öz layiqli cəzalarını almışlar və bundan sonra da alacaqlar.
Konfrans müzakirələrlə davam edib.
Foto: Vüqar Xanlarov