Bakı. 1 oktyabr. REPORT.AZ/ "Ötən ildən bu günə qədər prokurorluq orqanları üzrə 7 nəfər vəzifədən azad edilib". "Report" xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib.
O bildirib ki, 2014-cü il 1 oktyabr tarixdən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub: "İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olublar".
Z.Qaralov qeyd edib ki, prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub: "Onlardan 2 nəfər "Prokurorluğun fəxri işçisi" döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib".