Yuxarı

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Bu mərhələdə iştirak edən 197 namizəddən 28-i qadın olub

Bakı. 10 avqust. REPORT.AZ/ Avqustun 10-da prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilən işə qəbulun növbəti yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumu Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı 30-a yaxın hökumət, qeyri-hökumət və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə edib.

Prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yolu olmaqla bərabər, eyni zamanda xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq Prezident  İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə tam uyğun şəkildə aparılır. 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun bu yolla həyata keçirilməsi kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.

Müsabiqə yolu ilə işə qəbul edilmiş gənc mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 59 faizini təşkil etməklə, təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər. Xidmətdə fərqləndiklərinə və vəzifələrini nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 663 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkilib.

Müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 197 namizəddən 28-i qadın olmaqla, onlar Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və digər ali təhsil müəssisələrinin məzunlarıdır.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq, eyni zamanda bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) yerləşdiriləcək.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi