Prezidentin xüsusi nümayəndəsi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında maraqlı layihələrin həyata keçirildiyini bildirib.
"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən "Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu"nda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ağalı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun tikilib:
"Burada 17 məqsəddən 11-i təmin olunub. Kənddə 175 ailədən ibarət 871 nəfər artıq məskunlaşıb. 291 evdən ibarət "Ağalı2" fazasının isə tikintisi davam edir".
V.Hacıyev Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini də xatırladıb:
"İşğaldan azad olunmuş ərazilərdə ekoloji layihələrin icrası COP29-la bağlı Azərbaycanın önəmli addımlarından olacaq. Zəngilan yeganə rayondur ki, ərazisindən dörd çay keçir. Həmin bu çaylardan səmərəli istifadə edirik. Zəngilan rayonunda Oxçuçay üzərində ümumi gücü 42 MVt olan 4 ədəd kiçik su elektrik stansiyası tikilmişdir. Bu stansiyalar Zəngilan şəhərini lazım olan elektrik enerjisi ilə tam təmin edəcək. Zəngilanda 100 mindən çox ağac əkilib. Təkcə bu il 50 min ağacın əkilməsi nəzərdə tutulur".
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Cəbrayıl, Qubadlı və Zəngilanda görülən işlər bununla da yekunlaşmır: "İnvestorların diqqətini cəlb edən maraqlı layihələr həyata keçirilir".