Prezidentin köməkçisi: “Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir”

Prezidentin köməkçisi: “Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir” “Danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında sivilizasiyalararası dialoq dayanır”
Daxili siyasət
6 May , 2017 11:57
Prezidentin köməkçisi: “Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir”
Report.az

Bakı. 6 may. REPORT.AZ/ “Beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur. Çoxqütblü sistemin formalaşması meyilləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırır. Təəssüf ki, hazırda onun mahiyyətini obyektiv şəkildə qiymətləndirə bilməyən yanaşmalar da var. Bu fikirdə olanlar hesab edirlər ki, guya inklüziv cəmiyyət və yaxud mədəniyyətlərarası dialoq dövlətin vahid mədəni məkanına, milli identikliyinə xələl gətirən dağıdıcı hadisə və proseslərə rəvac verə, etnik qruplar və miqrantlar isə ictimai-siyasi, kulturoloji problemlər yaratmaqla milli harmoniya və bütövlüyü poza bilər. Lakin danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında sivilizasiyalararası dialoq dayanır və onun sayəsində dünya mədəniyyəti zənginləşərək bugünkü inkişaf səviyyəsinə çatıb”.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Qütbləşmə dövründə inklüziv dialoq” mövzusunda keçirilən sessiyada deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa ilə Asiyanın kəsişdiyi geostrateji məkanda yerləşən Azərbaycan inklüziv dialoqun beynəlxalq hüquq normalarına əsaslanan sivil birgəyaşayışın təmin edilməsində oynadığı rolu yüksək qiymətləndirərək bu istiqamətdə fəal siyasət həyata keçirir. Dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq möhkəmləndirilir, hər bir xalqın dini-etnik və mədəni özünəməxsusluğunun qorunub saxlanılması üçün mədəniyyətlərarası dialoqun yaratdığı əlverişli imkanlardan səmərəli şəkildə istifadə olunur. Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır. Ölkənin qədim dövlətçilik tarixində multikulturalizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük töhfələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir. Bu sahədə aparılan siyasətin nəticəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi təmin olunur.

Bu gün dünyada dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi halların insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur etdiyini deyən Əli Həsənov bildirib ki, bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan daha yaxından anlayır. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır.

Multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezidentin sərəncamları ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bütün bunlar inklüziv dialoqun inkişafı, dünyada mövcud olan multikultural modellərin araşdırılaraq öyrənilməsi baxımından vacib əhəmiyyət daşıyır.

İnklüziv dialoqun təşviq edilməsində Heydər Əliyev Fondunun gördüyü işlər barədə ətraflı məlumat verən Əli Həsənov deyib ki, ötən illər ərzində Fond tərəfindən tarixi abidələrin təmir edilməsi və yeni mədəniyyət ocaqlarının yaradılması məqsədilə çoxsaylı layihələr həyata keçirilib. Layihələr çərçivəsində Fransa, Vatikan, İtaliya, Bolqarıstan kimi dövlətlərdə qədim dini, mədəni abidələr təmir və bərpa olunub. Fondun xətti ilə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların getdikləri ziyarətgahlarda təmir-bərpa işləri aparılıb və etnik qrupların nümayəndələri üçün təhsil, mədəniyyət mərkəzləri yaradılıb. Azərbaycanın rayonlarında tədrisin azsaylı xalqların dilində aparıldığı məktəblər Fond tərəfindən mütəmadi olaraq dərslik və tədris ləvazimatları ilə təmin edilir.

“Azərbaycan dini-etnik müxtəlifliyə, inklüziv cəmiyyətin inkişafına daim dəstək verir və mədəniyyətlərarası, humanitar beynəlxalq forumların keçirilməsinə Bakının ev sahibliyi etməsi bunun əyani sübutudur. Bu mötəbər tədbirlərdə müəyyənləşdirilən fəaliyyət strategiyalarında mədəniyyətlərarası dialoqun möhkəmlənməsini və milli-etnik münasibətlərin tənzimlənməsini nəzərdə tutan prinsiplər öz əksini tapır”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi