"44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan bu gün regionun gələcək inkişaf istiqamətlərini müəyyən edir. Ölkəmizin müharibədən əvvəl olduğu kimi postmüharibə dövründə də həyata keçirdiyi siyasət, atdığı addımlar beynəlxalq birlik tərəfindən təqdir edilir. Təbii ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin dünya səviyyəli, nüfuzlu siyasətçi olması, əsl liderlik keyfiyyətləri nümayiş etdirməsi əsas rol oynayır".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, dövlət başçısının həm bu cür görüşlərdə səsləndirilən, həm də ayrı-ayrı müsahibə və toplantılarda xarici KİV təmsilçilərinin ünvanladıqları suallara sərrast cavabları da dünya birliyi tərəfindən təqdir edilir:
"Biz dəfələrlə İlham Əliyevə beynəlxalq birlik, o cümlədən dünyanın ayrı-ayrı aparıcı ölkələrinin rəhbərləri tərəfindən xüsusi rəğbət və hörmətlə yanaşıldığının şahidi oluruq. Qeyd edildiyi kimi, Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri, uzaqgörənliyi, hər bir situasiyaya hazırlıqlı olması beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir və təqdir edilir. Eyni zamanda, Prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu, düşünülmüş siyasəti nəticəsində Azərbaycan hər keçən gün daha da inkişaf edir”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti eyni zamanda regionda və dünyada cərəyan edən mürəkkəb hadisələri vaxtında və düzgün dəyərləndirmək keyfiyyəti də sərgiləyir:
“Bu isə həm onun beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, həm də Azərbaycanın bu təlatümlü proseslərdən itkisiz çıxmasına səbəb olur. Biz Rusiya-Ukrayna qarşıdurması fonunda cərəyan edən proseslər zamanı bunun bir daha şahidi olduq”.