Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb.
"Report" xəbər verir ki, sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək.
Mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, bu Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etsin.
Həmçinin nazirlik bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etsin;
Eyni zamanda, nazirlik bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.