Yuxarı
    Bağlamaq

    Prezident: “Son 6 ayda Azərbaycana 3 milyard dollar əlavə valyuta gəlib və manatın məzənnəsi sabitdir”

    Dövlət başçısı: “Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub”© President.az

    Bakı. 4 avqust. REPORT.AZ/ “Mən bizim ümumi iqtisadi inkişaf perspektivlərimizi yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir”. 

    “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

    Dövlət başçısı bildirib ki, ölkənin qeyri-neft iqtisadiyyatı, qeyri-neft sənayesi artıb: "İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib". 

    Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub: "Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir.

    Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi