Prezident İlham Əliyevin ötən gün VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı parlamentin və deputatların qarşıdakı dövr üçün "yol xəritəsi"dir.
Bunu "Report"a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışı zamanı verdiyi mesajlar ölkənin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir:
"Azərbaycan xalqının güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoyduğu və bu reallığın artıq dünya birliyi tərəfindən qəbul edildiyi parlamentarilərin diqqətinə çatdırıldı. Bu baxımdan 2024-cü il Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edən hadisələrlə zəngin bir təqvim oldu. Çünki bu il Prezident və parlament seçkiləri bütün ölkə ərazilərində keçirildi. Dövlət başçısının da bildirdiyi kimi İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Artıq 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoyub. Prezident İlham Əliyevin proqram xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edilib və qiymətləndirilib. Eyni zamanda ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələr göstərilib".
Deputat qeyd edib ki, Vətən müharibəsində tarixi qələbə və suverenliyin tam bərpa olunması və ondan sonra formalaşmış yeni bir reallıq var:
"Yeni situasiya məhz İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə kimi bu gün daha çox önə çıxır. Təbii ki, bunu şərtləndirən amillər Azərbaycan xalqının birliyi, iradəsi, dövlətin gücü qələbənin əsasını təşkil edib. Başlıca amil sözsüz ki, milli təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Dövlətimizin hərbi gücünün artırılması bu mənada xüsusi önəm kəsb edir. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ölkəmizin hərbi gücü olmasa, heç bir müstəvidə uğuru təmin etmək mümkün olmaz. Müstəqil Azərbaycan tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Əgər hərbi imkan və gücümüz olmasaydı torpaqlarımızı işğaldan azad edə bilməzdik. Müzəffər Ali Baş komandanın bu sahəyə diqqət çəkməsi sözsüz ki, qarşıya yeni vəzifələr qoymaqla yanaşı hər kəs üçün də verilmiş bir mesaj kimi səciyyələnir. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycanın öz hərbi gücünü artırması, yeni silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni xüsusi təyinatlı qüvvələrin, komanda qüvvələrinin, digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması mühüm amil hesab olunur".
M.İbrahimqızı, həmçinin vurğulayıb ki, Azərbaycanda hərbi sənaye kompleksinin gücləndirilməsi vacib önəm kəsb edir:
"Ermənistanın Fransa və digər Qərb ölkələrinin hərbi yardımı fonunda silahlandırılması kimi faktlar mövcuddur. Prezident çıxışında həmçinin ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımların diqqətə mərkəzində olduğunu söyləyib".
Deputat bildirib ki, bütün bunlarla yanaşı Azərbaycanın iqtisadi inkişaf strategiyası hər zaman diqqət mərkəzindədir.
"Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirələrin davam etdiyi də deputatların nəzərinə çatdırıldı. Sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq hazırda Ermənistanı süni şəkildə məsələni uzatmağa çalışır. Görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir. Bu xüsusda Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkəni sülh prosesini pozmağa həvəsləndirir. Qərbdən gələnlərin "binokl diplomatiyası" həyata keçirməsi bunun bariz nümunəsidir. Ona görə də, bu müstəvidə Ermənistanla yanaşı, Qərbin ikiüzlülüyü, riyakarlığı daha qabarıq görünür. Azərbaycanın sülhlə bağalı tələbləri konkretdir. Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır", - deyə o vurğulayıb.
M.İbrahimqızı ölkə başçısının nitqində diqqətçəkən mühüm məqamlardan birinin də Azərbaycanın xarici siyasət prioritetləri olduğunu deyib:
"Hətta işğal dövründə Azərbaycanın təbii olaraq xarici siyasəti əsasən münaqişənin ədalətli həllinə yönəldiyi qeyd edilib. Tarixi zəfərdən sonra isə ölkəmizin xarici siyasətində fərqli istiqamətlər mövcuddur. Bu müstəqil, prinsipial, xarici siyasətin əsas istiqamətləri hesab edilir. Sözsüz ki, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Bu mənada ölkəmiz diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək və buna qarşı özünün bütün imkanları ilə layiqli formada mübarizə aparacaq. Ölkəmiz bir çox məsələlərə görə artıq beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış ən etibarlı tərəfdaşdır. Bunun bariz nümunəsi COP29-un Azərbaycanda keçirilməsidir. Bu gün ölkəmizin bütün qitələrdə dostlarının sayı artır. Azərbaycanın vaxtilə mövcud olmadığı bölgələrlə ciddi təmaslar qurulur. Bütün bu uğurlara isə Azərbaycan Ulu Öndər Heydər Əliyevin strategiyası və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində nail olub".