Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Xızı və Siyəzən rayonlarına səfər edib

    Xızı rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimi olub

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib. 

    “Report” xəbər verir ki, Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edən su elektrik stansiyası ilə birlikdə ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi müvəffəqiyyətlə başa çatdırılıb.

    2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyən edilməsi üzrə tapşırıq verib. Həmin tapşırığın icrası ilə əlaqədar “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhimdar Cəmiyyətinin (ASC) sifarişi ilə Türkiyənin “Təməlsu” məsləhətçi şirkətinin hazırladığı, “Evrascon” ASC və “Körpü-Bina-Tikinti” MMC tərəfindən icra olunan layihələrə əsasən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən Şabran rayonunda 14 min 38 hektar, Siyəzən rayonunda 6 min 972 hektar, Xızı rayonunda isə 9 min 609 hektar olmaqla cəmi 30 min 619 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi zonasında yerləşən yeni suvarılan torpaqlarda aparılacaq meliorativ tədbirlər Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

    “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlət başçısına layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsinə daxil olan Xızı rayonu üzrə hazırlanan layihədə cəmi 12 min 579 hektar sahənin 9 min 609 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 2 min 970 hektarında mövcud əkin sahələrinin su təminatinin yaxşılaşdırılması nəzərdə tutulur.

    Azərbaycan Prezidenti İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Xızı rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə salıb.

    Dövlət başçısına “Samur – Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" layihəsi barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Xızı rayonu üzrə yeni suvarılacaq torpaq sahələrinə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar daxildir. Su yeni inşa olunan Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarından götürüləcək. Layihədə ümumi uzunluğu 269,7 kilometr, o cümlədən 200,3 kilometr qapalı və 69,4 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1150 hektar sahədə kollektor-drenaj şəbəkəsi layihələndirilib. Layihə 2014-cü ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

    Prezident İlham Əliyev yaradılmış imkanlardan səmərəli istifadə edilməsi, növbəti layihələrin vaxtında və uğurla icra olunması ilə bağlı müvafiq nazirliklərin və qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi