Prezident İlham Əliyev qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyətini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyətini qəbul edib - ƏLAVƏ OLUNUB Dövlət başçısı milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd edib
Daxili siyasət
3 Oktyabr , 2017 10:01
Prezident İlham Əliyev qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyətini qəbul edib - ƏLAVƏ OLUNUB
President.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik edib.

Dövlət başçısı bildirib ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş edib: "Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər".

Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlət başçısı deyib ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir: "Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir".

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin qeyd edildiyini və həmin tədbirdə dünyanın yüksək vəzifəli idman məmurlarının çıxışlarında Azərbaycanın çox böyük, misilsiz uğurlar qazandığını qeyd etmələrini xatırladıb.

“Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, - deyən dövlət başçısı vurğulayıb ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərdi. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, qrupdakı və dörddəbir final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.

“Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, - deyən Prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söyləyib. Dövlət başçısı bildirib ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir.

Prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd edib. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlət başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu deyib. Prezident İlham Əliyev, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirib. Dövlət başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirib.

“Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, - deyən Prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.

Çempionat keçirilən müddət ərzində göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən milli komandanın üzvü Valeriya Məmmədova qeyd edib ki, bu dəstək komandanın rəqiblər üzərində qələbə qazanmasında çox vacib idi. O, Prezident İlham Əliyevin komandanın çətin və sevincli anlarında yanında olduğunu vurğulayıb, bu gün Azərbaycan idmanının inkişafı istiqamətində atılan addımların çox sevindirici olduğunu deyib. Milli komandanın üzvü gələcəkdə də böyük uğurlar qazanaraq ölkəmizə sevinc bəxş edəcəklərinə əminliyini ifadə edib.

Milli komandanın baş məşqçisi Faiq Qarayev göstərdiyi dəstəyə və diqqətə, həmçinin onun haqqında dediyi xoş sözlərə görə dövlət başçısına komanda adından təşəkkürünü bildirib. Qeyd edib ki, bu illər ərzində komanda daim Prezident İlham Əliyevin diqqət və dəstəyini hiss edib. “Əlbəttə, biz indi Sizin yanınıza medalla gəlmək, Sizi daha çox sevindirmək istərdik,” - deyən Faiq Qarayev dövlət başçısının hər dəfə oyunu izləməyə gəlməsinin komandamız üçün çox böyük bir dəstək olduğunu deyib. O vurğulayıb ki, milli komandamızın üzvləri arasında olan bəzi gənclər ilk dəfə idi belə böyük yarışda çıxış edirdilər. Yüksək səviyyədə hər cür şəraitin olduğunu deyən Faiq Qarayev komandamızın hazırlığı İtaliya və Sloveniyada keçdiyini, güclü komandalarla oynadıqlarını bildirib. Son bir il ərzində milli komandanın 23 rəsmi oyun keçirdiyini və bunların heç birində də məğlub olmadığını qeyd edən baş məşqçi dünya çempionatının seçmə yarışlarında 5 oyunun hamısında 3-0 hesabı ilə, o cümlədən Avroliqada qələbə qazandığımızı xatırladıb, 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatının finalına vəsiqə qazandığımızı bildirib. Faiq Qarayev komandamızın bundan sonra da yeni qələbələr qazanmaq üçün bütün səylərini əsirgəməyəcəyini deyib. 

Voleybol Federasiyasının prezidenti, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə milli komandamıza göstərdiyi dəstəyə, həmçinin idmanın bu növünün inkişafı üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən Prezident İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutmağımızın böyük nailiyyət olduğunu bir daha vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük olmasa da, komandamız dünyanın aparıcı, böyük tarixi, ənənələri və potensialı olan voleybol üzrə yığma komandaları ilə bərabər səviyyədə mübarizə apardı. Azərbaycan Prezidenti komandamıza yeni-yeni uğurlar arzulayıb. 

Sonra milli komandamızın üzvləri dövlət başçısına xatirə hədiyyələri təqdim ediblər.

Sonda xatirə şəkli çəkdirilib.


*** 10:01

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi