Yuxarı

Prezident İlham Əliyev: "Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir"

Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, müstəqilliyin əleyhinə heç bir addım atmasın

Bakı. 21 iyun. REPORT.AZ/ "Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir: "Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir: "Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, - bunlar mətbuatda dərc edilib, - bizdə dini məsələlərə onlar tərəfindən verilən yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır: "Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib".

"Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib: "Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın. Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək", - deyə Prezident İlham Əliyev söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi