Prezident İlham Əliyev: "Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var"

Prezident İlham Əliyev: "Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var" Bu barədə Azərbaycan Prezidentinin Alimlərin I Qurultayının iştirakçılarına ünvanlanan təbrik məktubunda qeyd olunub
Daxili siyasət
19 Dekabr , 2014 12:04
Prezident İlham Əliyev: Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var

Bakı. 19 dekabr. REPORT.AZ/ "Sivilizasiyaların qovşağında yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var”. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Alimlərin I Qurultayının iştirakçılarına ünvanlanan təbrik məktubunda qeyd olunub.

Dövlət başçısının məktubunu Azərbaycan Respublikasının Prezidenti Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Prezident vurğulayıb ki, Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynayıb, mədəniyyətlərarası dialoqun qurulması bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qorunub-saxlanılması işinə misilsiz töhfələr verib:

"Elmimizin tarixində 20-ci əsr taleyüklü hadisələrlə zəngin olub. Milli Elmlər Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaradıb. Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir.

Qurultayınız ölkəmizdə sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli-elmi potensialımızın ölkənin dinamik yüksəlişi naminə yeni innovativ prinsiplər əsasında sərhədlər qurulması naminə mühüm addım təşkil edəcək.

İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərimizdən biridir. Bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamzın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaq".

Son xəbərlər

Orphus sistemi