Prezident Gəncədə məktəb və xəstəxananın açılışında iştirak edib

Prezident Gəncədə məktəb və xəstəxananın açılışında iştirak edib Ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb
Daxili siyasət
17 Fevral , 2016 13:13
Prezident Gəncədə məktəb və xəstəxananın açılışında iştirak edib

Bakı. 17 fevral. REPORT.AZ/ Prezidenti İlham Əliyev bu gün Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. "Report"un xəbərinə görə, ölkə başçısına məlumat verilib ki, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 

245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nailiyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul olan şirkətlərinin məhsullarıdır. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətindən nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə biləcək.

Prezidenti İlham Əliyev həmçinin Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verildi. Bildirildi ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 2138 şagird təhsil alır.

Qeyd olundu ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.

Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.

Bildirilib ki, məktəbin 1200 şagird yerlik yeni korpusu şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.

Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.

Son xəbərlər

Orphus sistemi