Yuxarı

​Prezident: Ermənistanda demoqrafik tənəzzül yaşanır

Orada insanlar artıq o şəraitə dözmürlər

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Ağsuya səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib.

Prezidentin sözlərinə görə, Ermənistanda təbii artım yoxdur:

"Bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Ermənistanda yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar".

Dövlət başçısı bildirib ki, gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək:

"Sizin Ağsudakı zavodun məhsulları kimi. Belə zavodlar çox olmalıdır. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. Bu gün göstəriş vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə verilsin.

İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi