Prezident “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib

Prezident “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
Daxili siyasət
4 Oktyabr , 2020 23:10
Prezident “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib. "Report" müsahibəni təqdim edir.

-Əvvəllər soyuq müharibə olmuş bu münaqişə indi Azərbaycanı və Ermənistanı alova bürüyüb. Bu müharibə keçmişdən qaynaqlanır və indi artilleriya mərmilərinin səsi eşidilir. Dağlıq Qarabağ yenidən gündəmə gəlib, müharibə Qarabağdan və beynəlxalq tərəflərin müdaxilələrindən kənara doğru genişlənir, regional müharibəyə çevrilməklə bağlı xəbərdarlıqlar mövcuddur. Münaqişənin həll yolu, beynəlxalq müdaxilələr bizim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə müzakirəmizin mövzusu olacaq. Canlı yayımımıza Bakıdan Prezident İlham Əliyev qoşulur. Xoş gəlmisiniz cənab Prezident.

-Təşəkkür edirəm.

-Cənab Prezident, biz son günlərdə inkişaf edən hadisələrdən, Ermənistan və Azərbaycan arasında olan böhrandan başlayacağıq. Bu eskalasiyanın başlanğıcı necə oldu?

-Sentyabr ayının 27-də Ermənistan bizim hərbi mövqelərimizə və mülki şəxslərimizə hücum etdi. Mülki şəxslərimiz bu hücumdan əziyyət çəkmişdir. Mülki şəxslərimiz arasında qurbanlar var. Bu səhərə olan məlumata əsasən 22 mülki şəxs öldürülmüş və 73-ü yaralanmışdır. Əfsuslar olsun ki, bu gün bizdə yenə sadə kəndlilərimiz arasında onlarla yaralı və qətlə yetirilənlər var. Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olmuşdur. Biz əks-hücuma başladıq və bu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistanın atəş mövqelərini susdura bildik. Biz ərazilərin bir qismini, bir neçə kəndi azad edə bildik və bu gün biz 27 il Ermənistanın işğalı altında olan Cəbrayıl şəhərini azad etdik. Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik.

-Prezident Əliyev, açıq-aşkar görünür ki, Azərbaycan və Ermənistan arasında hadisələrin gedişi nəzarətdən çıxır, bu hərbi əməliyyatların genişlənməsinin hər hansı bir həddi varmı?

-Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik.

-Prezident Əliyev, əgər Ermənistan Sizin təqdim etdiyiniz bu təşəbbüsə cavab verməsə, bu eskalasiya davam edəcək və mülki şəxslərin həyatı üçün qorxular olacaq və bunun bədəli çox yüksək olacaq.

-Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyanı kobud şəkildə pozur. Biz ərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandatı olan vasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruktiv yanaşma nümayiş etdirmək əvəzinə, Ermənistan iyul ayında bizə qarşı hərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik. Onlar terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər və bu diversiya qrupunun başçısı yaxalanmışdır. İndi o, ifadə verir və sentyabr ayında onlar bizim kəndlərimizi və şəhərlərimizi artilleriya bombardmanına tutdular. Münaqişə bölgəsinə yaxın yaşayan sıravi azərbaycanlıların 500-dən çox evi tamamilə dağıdılmışdır və ya onlara ziyan dəymişdir. Buna görə Ermənistan bu təcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər. Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini bizə təqdim etməlidirlər. Onların “Qarabağ Ermənistandır” deyən baş naziri indi deməlidir ki, “Qarabağ Ermənistan deyil” və bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq.

-Lakin Prezident Əliyev, “Əl-Ərəbiyə” vasitəsilə Ermənistan prezidenti danışıqlar haqqında danışdı və o dedi ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Siz buna nə cavab verərdiniz?

-Mən razıyam. Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm. Lakin danışıqların məğzi olmalıdır. Ermənistanın “Qarabağ Ermənistandır” deməsi, - onların baş naziri bunu söyləyib, - münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünki həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk qrupu - onlar danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar və regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır. İki il bundan əvvəl dövlət çevrilişi və Corc Soros tərəfindən maliyyələşdirilmiş “inqilab” nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv edir. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətən məqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və öz ölkəsini dağıtmağa başlayır. İndi Ermənistan böhran vəziyyətindədir. O, əsas siyasi partiyanın rəhbərini həbs edir. O, mənim müxtəlif dövrlərdə danışıqlar üzərində çalışdığım iki sabiq prezidentə qarşı cinayət araşdırmasına başlayır. O, tamamilə despotik bir rejim yaradır və danışıqları məhv edir və biz nə etməliyik? O, azərbaycanlılara qarşı təhqiramiz bəyanatlar verir, o, tərhrikedici addımlar atır və vasitəçilərin özlərini, yumşaq desək, bu qəribə davranış çox çaşdırmışdır. O, danışıqlar prosesini məhv edir. Ona görə mən hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik.

-Prezident Əliyev, tərcümə olduğuna görə müdaxilə edə bilmirdim, lakin cavabınızla bağlı şərh vermək istədiyim üç məsələ var. Birincisi, Siz Ermənistanın böhran vəziyyətində olduğunu dediniz. Lakin biz erməni xalqının öz rəhbərliyini dəstəklədiyini görürük və onlar ölkə rəhbərliyinin onları necə müdafiə etməsini alqışlayırlar. İkincisi odur ki, Ermənistanın “Qarabağ Ermənistan deyil” deməsi ərazilərdən çıxması üçün yeganə şərtdir, yoxsa danışıqlar masasına qayıtmaq üçün başqa şərtlər və ya ilkin şərtlər var? Üçüncüsü, vasitəçilərin haqqında danışdığı və ya çaşqınlıq yaşadığı ölkələr hansılardır?

-Ölkələr haqqında artıq mən dedim, ATƏT-in Minsk qrupu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Bu qrupun nümayəndələri ilə son illər ərzində təmaslarımda bizim fikir mübadiləsi aparmaq imkanımız oldu və nə mən, nə də onlar danışıqların irəli aparılması üçün nəyin edilməsinin mümkün olduğunu bilmirdik. Çünki bildiyiniz kimi, danışıqlar prinsipləri və danışıqlar formatı müəyyən olunmuşdur. Bu, Azərbaycan tərəfindən birtərəfli qaydada müəyyən olunmamışdır. Bu, vasitəçilər tərəfindən təklif olunmuşdur və iki ölkə - Azərbaycan və Ermənistan tərəfindən qəbul olunmuşdur. Danışıqların formatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə arasında münaqişədir. Ermənistanın baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın Ermənistanın özü də daxil olmaqla heç bir dünya ölkəsinin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparılmalıdır dedi. Bu, danışıqları pozmaq üçün qəsdən edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə biz, nə də vasitəçilər bunu qəbul etməyəcək. Vasitəçilər - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bunu rədd etdilər. Sonra o dedi ki, “Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən heç biri əvvəllər deməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir. Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlar vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icması arasında normal birgəyaşayışı təmin etməkdir. Çünki müharibədən əvvəl, Ermənistan bizim ərazilərimizi işğal etməzdən əvvəl, Dağlıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlılar idi. Lakin bu gün Dağlıq Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindən çox azərbaycanlının yaşadığı Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal altındadır. Onların hamısı didərgin düşüb, evlərinin hamısı dağıdılıb. Bütün tarixi abidələrimiz, o cümlədən məscidlərimiz erməni barbarları tərəfindən dağıdılıb və indi biz irəliləyişə yaxınlaşdığımız bir vaxtda Ermənistan hökumətində dəyişiklik olur, siyasətlə heç bir əlaqəsi olmayan yeni insanlar, yeni komanda hakimiyyətə gəlir, bu destruktiv bəyanatları verir və addımları atır, bizə qarşı hərbi təcavüzə başlayır. Biz nə etməli idik? Biz özümüzü müdafiə etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik.

-Prezident Əliyev, Rusiya və Fransa Türkiyə üzərindən Suriyadan gələn muzdlularla bağlı sizə qarşı ittihamlar irəli sürür. Siz buna necə cavab verərsiniz?

-Biz bunu tamamilə rədd edirik. Son on gün ərzində, ötən həftə Fransa Prezidenti mənə iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, bizə dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana məndə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə bizə təqdim etmədilər? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyüş zonasında etdiyimiz internetdə göstərilir. Bizim müasir dronlarımızın erməni tanklarını və hava hücumuna qarşı sistemlərini necə dağıtdığını hər kəs görə bilər. Ordumuz bir kəndin ardınca o birini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlarda bayrağımız qaldırılır. Beləliklə, bu ittihamlar tamamilə əsassızdır.

Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar.

-Bəziləri hesab edir ki, bu böhran genişlənsə, sizin torpaqlarınız savaş meydanına çevriləcək və bu, sizin xeyrinizə olmayacaq. Bu, bir növ sizin torpağınızda marionetlər müharibəsinə bənzəyir. Siz qorxmursunuz ki, bu, regionlar arasında mübarizə olar?

-Xeyr, marionetlər müharibəsi yoxdur. Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var. Mən bizim nailiyyətlərimizlə bağlı sizə cəmi iki misal gətirə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqil siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çox məsuliyyətli üzvü olması sayəsində oldu. Bu il biz Bakıda 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdü. Bu şərəfli vəzifə 120 ölkənin yekdil qərarı ilə Azərbaycana həvalə oldu. Marionet ölkə bu dəstəyi ala bilərmi? Marionet ölkələr miskindir. Heç kim onlara hörmət etmir. Heç kim onlara diqqət yetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir. Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq.

-Prezident Əliyev, Avropa deyir ki, sizinlə Ermənistan arasında olan bu böhranın hərbi həll yolu yoxdur. Siz Avropanın bu mövqeyinə necə cavab verərdiniz?

-Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim torpağımızda oturmağa və bizim insanlarımıza öz evlərinə geri qayıtmağa icazə verməməyə nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir. Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz, işğal olunmuş bütün ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz və Azərbaycan ərazisində “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri Azərbaycan xalqı qarşısında üzr istəməli və deməlidir “Qarabağ Ermənistan deyil” və onda biz dayanarıq.

-Prezident Əliyev, son olaraq, Ermənistanın ünvanına dediklərinizdən sonra bizim xəbər kanalı vasitəsilə erməni xalqı və Ermənistandakı bütün rəsmilərə demək istədiyiniz başqa bir şey varmı?

-Bilirsiniz, bir neçə gün əvvəl mən Ermənistanın hücumu nəticəsində yaralanmış Azərbaycan əsgərlərinə baş çəkdim və onlarla söhbət edərkən mən erməni xalqına müraciət etdim. Mən başa düşdüm ki, onlar üçün mənim dediklərim adi bir şey deyil. Bu, bəlkə də onların eşitmək istədiyi yeganə şey deyildi. Çünki onlar az qala ermənilər tərəfindən öldürülmüşdülər və onların qarşısında əyləşərkən, onlara və bizim üçün belə qəhrəmanlar yetişdirmiş valideynlərinə minnətdarlığımı ifadə edərkən mən dedim ki, müraciətim həm də erməni xalqınadır. Öz hökumətinizi etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana göndərməyin, öz övladlarınızı işğal olunmuş ərazilərə göndərməyin. Bu gün qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülh olacaq. Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, mən artıq dedim, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və “Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, “Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur.

-Azərbaycan Prezidenti İlham Əliyev, bizə Bakıdan qoşulduğunuza görə təşəkkür edirik.

-Təşəkkür edirəm!

20:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayyıb. 

Son xəbərlər

Orphus sistemi