"Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın -Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı deyib.
"Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib", - Prezident bildirib.