Prezident: "Korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır"

Prezident: "Korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır" ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır.
Daxili siyasət
269
5 Mart , 2020 22:22
Prezident: Korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır
0 : 00
0 : 00

"ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır. 

Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat” mərkəzinin açılışında idim və o vaxt 36 milyon müraciət olmuşdu. Amma bu gün martın əvvəlidir və müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib: "ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə xidmət göstərirlər. Ona görə “ASAN xidmət” çox uğurlu layihədir və bu uğurun təməlində həm düşünülmüş siyasət, həm də bu işi təşkil edənlərin səmərəli fəaliyyəti dayanır. Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik. İctimai xidmətlər sahəsi həmişə çox problemli sahədir. Hələ sovet dövründə bu sahə ilə bağlı çoxlu şikayətlər var idi. O cümlədən müstəqillik illərində də ictimai xidmətlər sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların bir çoxu buna öyrəşmişdi. Ona görə “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir – DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq. Bu mərkəz bir neçə rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali yaşayır. Bu, qərb zonasında sayca 2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində açılıb. Üçüncü mərkəz də Gəncə şəhərində açılacaq. Çünki buna tələbat var. “ASAN xidmət”in üstünlüklərinin biri də odur ki, burada növbələr müşahidə olunmur. Ancaq Bakıda tələbat o qədər böyükdür ki, biz iki yeni mərkəzin açılışına qərar verdik. O cümlədən Gəncə və Sumqayıt şəhərlərində də ikinci mərkəzin fəaliyyətinə ehtiyac var.

Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər.

Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər. BMT “ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir.

Bu mərkəzdə təkcə “ASAN xidmət” sahəsində 200-dən çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD fabrikində birinci mərhələdə 50 iş yeri yaradılıb. “ASAN” fəaliyyətini genişləndirdikcə öz funksiyalarını da genişləndirir. Bu mərkəzlər bölgələrdə artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər - kafelər, diskotekalar, açıq səhnələr, kinoteatr. Məsələn, Tovuz şəhərində bu günə qədər, yəni, müasir dövrdə kinoteatr olmayıb. Amma indi iki kinoteatr var. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar var.

Əlbəttə ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Eyni zamanda, mərkəzlər innovasiya baxımından çox mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə həyatlarını daha da yüksək səviyyədə təmin etmələri üçün bu təcrübə, hesab edirəm ki, əvəzolunmazdır.

“ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da buranın qonağıdır. Biz həmişə qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət - bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada “ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə də müsbət təsir göstərir. 

Mən tam əminəm ki, bu mərkəzə qədəm qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq. Çünki birincisi, binanın gözəlliyi, ikincisi, mövcud olan şərait, işçilərin təbəssümləri, göstərilən xidmətlər, operativlik, vaxtın itirilməməsi, “ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa sıfır dözümlülük var. Hər yerdə belə olmalıdır. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.

Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi – bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. 

Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq - bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır.

Mən bir dəfə demişəm, bir daha demək istəyirəm, birinci mərkəzlər açılan zaman kimsə düşünə bilərdi ki, bu, sadəcə olaraq, ictimai xidmət mərkəzləridir. Elə deyil. Bizim niyyətimiz tam başqa idi. Bu, cəmiyyətimizə müsbət yenilik gətirən təşəbbüs idi və artıq həyatda öz əksini tapıb. Azərbaycan bu sahədə də liderdir. İntellektual məhsulun yaradılması və bu gün ixracı artıq reallıqdır".

Son xəbərlər

Orphus sistemi