Yuxarı

​Prezident Administrasiyasına ən çox müraciət edən vətəndaşların adları açıqlanıb - SİYAHI

Təkrar müraciətlərin əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlıdır

Bakı. 12 fevral. REPORT.AZ/ "Bəzi rayonların qəsəbə və kəndlərinin bir çoxundan Prezident Administrasiyasına müraciət daxil olur. Məsələn, Yevlax, Ağdaş, Ağstafa, Beyləqan, Cəlilabad, Daşkəsən, Göygöl, İmişli, Qazax, Neftçala, Samux, Şəmkir, Zaqatala, başqa şəhər və rayonları misal göstərmək olar".

"Report"un xəbərinə görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlili məqaləsində bildirib.

O qeyd edib ki, təkrar müraciətlər Bakı şəhəri və onun bəzi rayonlarından, eləcə də Şəki, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Göyçay, Kəlbəcər, Laçın, Masallı, Saatlı, Şəmkir, Ucar, digər şəhər və rayonlardan daha çox olub: "Təkrar müraciətlərin sayı Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından, həmçinin Pirallahı, Naftalan, Xızı, Xocavənd, Qax, Qobustan, Qusar, Neftçala, Oğuz, Samux, Şuşa, Zəngilan, digər şəhər və rayonlardan daha az olub. Vətəndaşların təkrar müraciətlərinin olmasının əsas səbəbi odur ki, vətəndaşlar eyni məsələ ilə əlaqədar müxtəlif dövlət orqanlarına yazdıqları müraciətlərə qaneedici cavablar ala bilmir və buna görə yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar. Təkrar müraciətlərin sayının çox olmasının digər səbəbi isə bu işdə “səy göstərən” vətəndaşlardır və onlar ötən il də fəal olublar. Onlardan bəziləri müntəzəm və çox vaxt da əsassız müraciətlər yazmaqda davam edir və bu ənənəni neçə ildir ki, qoruyub saxlayırlar. Buna misal olaraq, Binəqədidən Roza Hümbətova və Zərbani Ağayevanı, Xətaidən Elman Heydərovu, Qönçə Səmədovanı, Nərimanovdan Kamran Rəcəbovu və Rəşad Səlimlini, Nəsimidən Sevda Hüseynova və Oqtay Əliyevi, Sabunçudan Olqa Smolyaninovanı, Səbaildən Akif Əliyev və Alya Təmrazovanı, Yasamaldan Sevda Süleymanova, Yelena Yusifova, Emil Qasımov və Susanna İslamzadəni, Lənkərandan Nazim Məmmədovu, Mingəçevirdən Kifayət Məmmədovanı, Abşerondan Tural Əhmədov və Lətifə Zeynəddinovanı, Ağdamdan Rövşən Şıxıyevi, Biləsuvardan Şəhla Məmmədovanı, Goranboydan Qinyaz Süleymanov, Tofiq Həsənzadə və Fəxrəddin Həsənovu, Kürdəmirdən Saməddin Süleymanov və Rüstəm Rəsulovu, Laçından Xanlar Tarıverdiyevi, Lerikdən Fərman Rəhimovu, Masallıdan Şahid Əliyev, Nərgiz Əmirovanı və başqalarını göstərmək olar. Adları çəkilən şəxslər Prezident Administrasiyasında müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən dəfələrlə qəbul olunub və onlara lazımi izahat verilib".

S.İsmayılov vurğulayıb ki, təkrar müraciətlərin böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir: "Belə müraciətlərin olmaması üçün əsas vasitə vətəndaşın xahiş və ya tələbinin hüquqi cəhətdən nə dərəcədə doğru olduğunu ona lazımınca izah etməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi