Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 27-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadda və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis general-leytenantı İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını görüş iştirakçılarına çatdırıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsini və problemlərinin həllini daim diqqətdə saxladıqlarına görə nazirliyin rəhbərliyinə təşəkkür edib.
Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 44 min manatı Sabirabadda, qalan 26 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim edilib.