Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar seminar təşkil edilib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, tədbirdə çıxış edən Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov Azərbaycanın dünya miqyasında böyük bir tədbirin astanasında olduğunu qeyd edib, COP29-a hazırlıqların yüksək səviyyədə davam etdiyini vurğulayıb.
O bildirib ki, dünyanın 80 faizinin iqlim dəyişmələrindən əziyyət çəkdiyi bir vaxtda Bakıda təşkil olunacaq bu genişmiqyaslı tədbirdə problemin həlli yolları müzakirə ediləcək, bu istiqamətdə mühüm qərarlar veriləcək. Qeyd edilib ki, Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də ölkəmizdə müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması da məhz qeyd olunan səbəblərə əsaslanır.
Daha sonra seminar iştirakçılarına COP29, iqlim dəyişikliyi, yaşıl enerji, Azərbaycanda ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat edilib.