Yuxuda idim, bir də ayıldım ki, otağın tavanı üzərimə düşüb.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında Gəncə şəhəri İsaq Cəfərov küçəsindəki beşmərtəbəli binada baş verən partlayışda zərər çəkən Nuranə Əliyeva deyib.
O, partlayış anını belə təsvir edib:
“Yerimdə uzanmışdım, birdən otağın tavanı gurultu ilə üzərimə düşdü. Xoşbəxtlikdən, ciddi xəsarət almadım. Hadisənin nədən baş verdiyini bilmirik”.
Partlayış baş verən binanın digər sakini, hadisə nəticəsində ciddi xəsarət alan Firuzə Yusibova ailə üzvlərindən yalnız özünün zərər çəkdiyini söyləyib:
“Yuxuda idim, partlayış zamanı döşəmə çökdü, mən də aşağı yuvarlandım. Əşyalar üzərimə aşmışdı, başımdan, ayağımdan və qabırğamdan xəsarət almışam. Evdə dörd nəfər idik – həyat yoldaşım, mən, oğlum, bir də anam. Şükür, onlara heç nə olmayıb”.
Zərərçəkmişlərin müalicə aldığı xəstəxanadan bildirilib ki, onların vəziyyəti qənaətbəxşdir.