Yuxarı

​Partiya sədri: "Bizim mübarizə vasitələrimizlə Milli Şuranın mübarizə vasitəsi eyni deyil"

Hansısa şərti adla qurum yaradıla bilər ki, burada seçki blokları da, partiyalar da ola bilər

Bakı. 17 yanvar. REPORT.AZ/ "Görüşlər Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi adından aparılan aksiyadır. Bu prosesin nəticəsini zaman göstərəcək. Bütövlükdə, ikiqütblü siyasi müstəvinin formalaşdırılması istiqamətində atılan bütün addımlar müsbət qarşılanmalıdır".

Bunu "Report"a açıqlamasında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

O qeyd edib ki, parlament seçkiləri ilə bağlı taktikanın ideoloji birliyə, mövqe vahidliyinə söykənməsi vacib deyil: "Biz nominal müxalifətdə olan siyasi təşkilatlardan irəli sürüləcək namizədlərin iqtidar mövqeyini açıq şəkildə müdafiə edən namizədlərlə iki düşərgədə mübarizəsinin tərəfdarıyıq. Təbii ki, bizim mübarizə vasitələrimizlə Milli Şuranın mübarizə vasitəsi ilə eyni deyil. Eyni zamanda, təmsil olunduğumuz mərkəzdə də bəzi partiyalarla fikirlərimiz üst-üstə düşməyə bilər. Lakin parlament seçkilərində nəticəli fəaliyyətin, bələdiyyə seçkilərindən fərqli mənzərənin yaradılması, düçar olduğumuz uğursuzluqların aradan qaldırılması, narazı elektoratın parçalanmaması üçün iki düşərgəli siyasi müstəvi formalaşdırılmalıdır. Bunun mümkün ola biləcəyini isə zaman göstərəcək".

Ə.Əliyev vurğulayıb ki, partiyaların bir seçki blokunda olmaması da mümkündür: "Sistemdənkənar müxalifət onsuz da bir düşərgənin tərkib hissəsidir. Hansısa şərti adla qurum yaradıla bilər ki, burada seçki blokları da, partiyalar da ola bilər. Bizim infrastruktur məsələlərinin həlli üçün belə bir quruma ehtiyac var. Buraya seçki şəraitinin yumuşaldılması, seçki məcəlləsinin dəyişdirilməsi, namizədlərin formalaşdırılması və beynəlxalq əlaqələr məsələləri daxildir. Burada isə kim istəyirsə, birləşə bilər. Belə olmayacaqsa, seçkilərə qatılmaq çox çətin olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi