Zabuxda seçki məntəqəsində hazırlıq işləri yekunlaşıb, məntəqə bütün avandanlıqlarla təchiz olunub.
Bunu "Report"un Laçına ezam olunmuş əməkdaşına 121 saylı Laçın Seçki Dairəsinin Zabux kəndində yerləşən 108 saylı Seçki Məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.
O bildirib ki, 121 saylı Laçın Seçki Dairəsi üzrə 7 nəfərin namizədliyi qeydə alınıb:
"Gördüyünüz kimi, hazırda onların şəkilləri də lövhələrə vurulub. Düşünürəm ki, Laçın sakinləri ən layiqli namizədə səs verərək öz seçimlərini edəcəklər. Bizim də borcumuz odur ki, seçkini qanunvericiliyə uyğun olaraq tam şəffaf və demokratik qaydada həyata keçirək".
M.Rüstəmov qeyd edib ki, məntəqədə 1282 seçici var.
"Artıq seçicilərin 80 faizinə bildirişlər paylanılıb. Yaxın 1-2 gün ərzində qalan seçicilərimizə də bildirişlər veriləcək. İlk dəfə səs verəcək dörd seçicimiz var. Ən yaşlı seçicimizin isə 91 yaşı var", - deyə məntəqə sədri bildirib.