YAP-ın deputatlığa namizədləri üçün imza toplayacaq şəxslərin sayı açıqlanıb

YAP-ın deputatlığa namizədləri üçün imza toplayacaq şəxslərin sayı açıqlanıb Siyavuş Novruzov: "İmza toplayacaq şəxslərin siyahısı hazırdır"
Daxili siyasət
14 Avqust , 2015 16:31
YAP-ın deputatlığa namizədləri üçün imza toplayacaq şəxslərin sayı açıqlanıb

Bakı. 14 avqust. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq şəxslərin sayı açıqlanıb

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a deyib ki, bunun üçün 1250 nəfər seçiblər. 

O qeyd edib ki, Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır: "On faiz də artıq imza vərəqi verilir. Bu da təxminən 500 imza edir. Bir vərəqdə isə 50 imza olur. Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik. Nəzərdə tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından biri götürsün və imza toplasın. Artıq onların siyahısı hazırdır".

YAP rəsmisi bildirib ki, Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, imza verən şəxslər kimlər ola bilər, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib: "İmza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlamışıq. Yaxın günlərdə həmin insanlara treninqlər keçiriləcək. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər onlara əyani formada izah olunacaq. Biz bütün seçkilərdə bunu edirik".

S.Novruzovun sözlərinə görə, YAP-ın Mərkəzi Seçki Qərargahında və rayon-şəhər şöbələrində yaradılan yerli qərargahlarda iş bölgüsü aparılıb, imza toplayan şəxslərin hər birinə nəzarət mexanizmi yaradılıb: "Bəzi rayon və şəhərlərin ərazisində 4 seçki dairəsi var. Ona görə də Mərkəzi Seçki Qərargahının bəzi rayon və şəhərlər üzrə yerli şöbələrində təxminən 40 nəfər imza toplayan şəxs təyin edilib. Seçki qərargahının üzvləri arasında hər dairə üzrə iş bölünüb. İmzatoplama kampaniyasında hər 10 nəfərə seçki qərargahının bir üzvü rəhbərlik edəcək".

Bundan başqa, ekspertlər qrupunun da yaradıldığını diqqətə çatdıran S. Novruzov əlavə edib ki, onlar da toplanılan imzaların ilkin yoxlanılması prosesini aparır: "Yəni dairələr üzrə imza toplanıb YAP-ın rayon və şəhər seçki qərargahına gətirilir. Burada ekspertlər həmin imzalara baxır, tamamilə yoxlayır, bunun tam şəkildə qanunun tələblərinə uyğunluğunu təsdiq edir. YAP-ın dairə üzrə səlahiyyətli nümayəndəsi buna imza atır və bundan sonra digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunur".  

Son xəbərlər

Orphus sistemi