Yuxarı

​Parlament seçkilərilə bağlı Ümid və ADP ilə danışıq aparan partiyanın adı məlum olub

Hazırda üç partiya arasında müzakirələr davam etdirilir

Bakı. 10 avqust. REPORT.AZ/ Bu il keçiriləcək parlament seçkilərilə bağlı Ümid və Azərbaycan Demokrat Partiyası ilə danışıq aparan partiyanın adı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, seçkilərdə blok yaradılması istiqamətində Ümid, Azərbaycan Demokrat və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) danışıqlar aparır. Danışıqlar prosesi bir neçə gün öncə başlasa da, hələ ki, razılıq əldə olunmayıb. Hazırda üç partiya arasında müzakirələr davam etdirilir.

AMİP sədri Yusif Bağırzadə "Report"a bir neçə partiya ilə danışıqlar apardığını deyib. O bildirib ki, hazırda blok yaradılması ilə bağlı yekun qərar yoxdur: "Biz bir çox siyasi təşkilatlarla, partiyalarla əməkdaşlıq platformasında danışıqlar aparırıq".

O, həmçinin qeyd edib ki, yaxın günlərdə AMİP-in namizədlərinin siyahısı açıqlanacaq: "Dairələrdə ən güclü namizədə üstünlük veriləcək. Bu seçkilərdə bir dairədən bir namizəd irəli sürüləcək. Əvvəlki illərdə bəzi dairələrdən bir neçə partiya üzvünün namizədliyi irəli sürülmüşdü. Builki seçkilərdə isə belə olmayacaq. Çünki bu zaman səslər parçalanır. Bütövlükdə isə bu il keçiriləcək parlament seçkilərində siyasi partiyalar arasında rəqabət zəif olacaq".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Report"a açıqlamasında danışıqlarda iştirak edən üçüncü partiyanın adını çəkməsə də, partiyalararası danışıqların davam etdiyini bildirib. O deyib ki, üç partiya arasında razılığa gəlindikdən sonra blok yaradılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi