Fevralın 7-də keçirilən növbədənkənar seçkiləri izləmək üçün Azərbaycana gələn Pakistanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi analitik Ahsan Hamid Durrani xalqda böyük ruh yüksəkliyi müşahidə etdiyini deyib.
“Report”a açıqlama verən pakistanlı müşahidəçi qeyd edib ki, Azərbaycanda güclü və bitərəf institutlar, xüsusən də bu seçkilərin keçirilməsinə cavabdeh olan seçki komissiyası var.
“Mən bir müşahidəçi kimi gözləyirəm ki, seçkilər azad, ədalətli və şəffaf keçiriləcək. Mərkəzi Seçki Komissiyasının beynəlxalq müşahidəçiləri dəvət etməsi seçkilərin bütövlüyünün qorunacağını göstərir. Müşahidəçi kimi müxtəlif seçki məntəqələrinə baş çəkirəm, orada səsvermə və səslərin hesablanması prosesini dəyərləndirirəm. Əminəm ki, bu seçki Azərbaycanın demokratiyasını və demokratik institutlarını gücləndirəcək”, - o deyib.
A.H.Durrani vurğulayıb ki, bu dəfə Ermənistanın işğalından azad edilmiş ərazilərdə ilk dəfə prezident seçkiləri keçiriləcək:
“Bu, Azərbaycan tarixində mühüm bir səhifə olacaq. İşğaldan azad olunan rayonların əhalisi də demokratiya imkanlarından faydalana biləcək. Həmin ərazilərdə prezident seçkilərinin keçirilməsi təqdirəlayiqdir və müsbət qiymətləndirilməlidir”.