PA-nın şöbə müdiri: "Region gənclərinin ziyanlı qrupların təsiri altına düşməsi asudə vaxtın təşkilində alternativlərin az olmasından irəli gəlir"

PA-nın şöbə müdiri: "Region gənclərinin ziyanlı qrupların təsiri altına düşməsi asudə vaxtın təşkilində alternativlərin az olmasından irəli gəlir" "Regionlarda bir çox gənc Gənclər evlərinin fəaliyyətindən xəbərsizdir"
Daxili siyasət
19 Dekabr , 2017 16:06
PA-nın şöbə müdiri: Region gənclərinin ziyanlı qrupların təsiri altına düşməsi asudə vaxtın təşkilində alternativlərin az olmasından irəli gəlir

Bakı. 19 dekabr. REPORT.AZ/ "Region gənclərinin bəzi zərərli vərdişlərə qoşulması və ya müxtəlif ziyanlı qrupların təsiri altına düşməsi məhz asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan hökumətinin BMT-nin “Gənclər evlərinə dair birgə təşəbbüsü” adlı pilot layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gəncləri zərərli vərdişlər, radikalizm, ekstremizm və bu kimi digər neqativ hallardan qorumaq üçün maarifləndirmə ilə yanaşı onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir.

Şöbə müdiri qeyd edib ki, gənclər siyasətində iştirak edən bütün tərəflər gənclər evlərinin inkişaf etdirilməsi prosesinə cəlb olunmalı və öz töhfəsini verməlidir: "Hər regiona xas xüsusiyyətlər, adət - ənənələr nəzərə alınmaqla müvafiq proqramın tərtib olunması, peşəkar rəhbər və komanda tərəfindən koordinasiya olunması gənclər evlərinin effektivliyini artırmağa kömək edəcək. Bununla da gənclər evlərinin lokal səviyyədə gənclərin bütün problemlərini həll edən və onlara dəstək verən resurs mərkəzi funksiyasını yerinə yetirəcək".

"Gənclər evlərində qeyri-formal təhsil və digər sosial xidmətlərdən əlavə asudə vaxtın keçirilməsi üçün fəaliyyətin olması çox önəmlidir. Lakin etiraf edilməlidir ki, hazırda bu şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı, mövcud potensialdan xeyli aşağıdır. Regionlarda bir çox gənc bu evlərin fəaliyyətindən xəbərsizdir. Bu amilləri nəzərə alaraq deməliyik ki, artıq gündəlikdə gənclər evlərinin effektivliyinin və onların dayanıqlılığının təmin olunması dayanır. Bu baxımdan, həm dövlət orqanları, həm beynəlxalq tərəfdaşlar, həm də vətəndaş cəmiyyətinin bərabər şəkildə iştirakı çox önəmlidir". 

Son xəbərlər

Orphus sistemi