Yuxarı

Oqtay Əsədov: “Tolerantlıq Azərbaycan multikulturalizminin əsas sütunudur”

“Azərbaycanda bütün mədəniyyətlərin dəyərlərinə vahid kompleks şəklində yanaşılır”

Bakı. 9 may. REPORT.AZ/ "Xarici ölkə universitetlərində təhsil alan tələbələrin, mütəxəssislərin "Azərbaycan multikulturalizmi" fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn vasitəsilə öyrəndiklərini əyani şəkildə öz gözləri ilə görmələri, həmyaşıdları ilə ünsiyyət qurmaları, bu ünsiyyəti sonradan davam etdirmələri çox vacibdir".

"Report" xəbər verir ki, bunu "Azərbaycan" qəzetində dərc olunan "Əbədiyaşarlıq rəmzi" adlı məqaləsində Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” fikrini özünə deviz seçən yay və qış məktəbləri artıq ölkədə ənənəyə çevrilməkdədir: "Bu məktəblərin təşkili sayəsində gələcəkdə xarici tələbələr elmi fəaliyyətlərində Azərbaycan təcrübəsinə istinad edə biləcək və öz fəaliyyətini Azərbaycanla bağlayan hər bir xarici tələbə öz ölkəsində vətənimizin təmsilçisinə çevriləcək. Bu isə Azərbaycanı sevən və hər zaman onu müdafiəyə hazır olan əcnəbi dostlarımızın dairəsinin genişlənməsi deməkdir.

Bu baxımdan Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsinin nəyi vəd etdiyinin tədqiqi və daha geniş müstəvidə təqdim olunması böyük əhəmiyyət kəsb edir və bu işin davamlı şəkildə aparılması çox mühümdür. Tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də zamanın tələbləri öz həllini gözləməkdədir və müasir dövrün çağırışları dinc birgəyaşayışın təmin olunması istiqamətində davamlı və dayanıqlı tədbirlərin görülməsini vacib edir. Beynəlxalq münasibətlər sisteminin qlobal xarakter aldığı müasir dövrdə ölkələrin və xalqların təcrid olunmuş halda yaşaması mümkün deyildir və ötən ildə istər iqtisadi, istər maliyyə, istərsə də digər problemlərin sərhədləri aşaraq bu və ya digər formada əksər ölkələrə sirayət etdiyi göz qabağındadır. Belə bir şəraitdə müxtəlif mədəniyyətlər arasında harmoniyanın təmin edilməsi bir çox problemlərin həllində müstəsna rol oynayacaq".

O.Əsədov multikultural cəmiyyətlərin formalaşması üçün tarixi və coğrafi faktorlarla yanaşı, vacib olan meyarlardan ən əsasının məhz tolerantlıq olduğunu bildirib: "Tolerantlıq Azərbaycan multikulturalizminin əsas sütunudur. Müxtəlif mədəniyyətlərə, dinlərə və dini konfessiyalara tolerant yanaşılmanın vacib nümunəsi olan Azərbaycanda bütün mədəniyyətlərin dəyərlərinə vahid kompleks şəklində yanaşılır və məhz qarşılıqlı hörmətə böyük önəm verilir. Başqa sözlə, Azərbaycanın multikulturalizm nümunəsi hər bir vətəndaşın inkişafını və rifahını əsas tutaraq daha geniş anlamda regional sülh və inkişafı özündə ehtiva edir.

Beləliklə, 2016-cı ili “Multikulturalizm ili” elan etməklə Prezident İlham Əliyev yerli və beynəlxalq ictimaiyyətə mühüm mesajlar çatdırmaqla yanaşı, qarşıya çox vacib tələblər qoyub. Bu tələblər Azərbaycanda multikultural dəyərlərin daha da inkişafının davam etdirilməsindən, ölkəmizin multikultural dəyərlərinin daha dərindən öyrənilməsi və təbliğindən ibarətdir. Göründüyü kimi, Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin bir ölkə kimi deyil, həm də bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınmaqdadır. Azərbaycanda bu sahədə formalaşan münasibətlər göstərir ki, tolerantlıq və multikulturalizm hər bir dövlətin və xalqın keçdiyi inkişaf yolundan, qarşıya qoyduğu məqsədlərdən asılı olaraq yaranan mütərəqqi və bəşəri dəyərdir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş multikulturalizm mühiti bütün dünyaya nümunədir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi