Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib

Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı şəhərinin rayonlarında, həmçinin Ombudsmanın Gəncə, Şəki, Quba, Cəlilabad regional mərkəzlərinin əhatə et
Daxili siyasət
14 Sentyabr , 2020 18:24
Ombudsmanın nümayəndələri uşaq müəssisələrinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı şəhərinin rayonlarında, həmçinin Ombudsmanın Gəncə, Şəki, Quba, Cəlilabad regional mərkəzlərinin əhatə etdiyi şəhər və rayonlarda yerləşən internat məktəbləri və uşaq evlərinə planlı başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından "Report"a bildirilib ki, başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanılma şəraitinin monitorinqi, yeni tədris ilinin başlanması ərəfəsində dövlət uşaq müəssisələrinin hazırlığı, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

Təhsil Nazirliyinin tabeliyində olan sağlamlıq imkanları məhdud uşaqlar, habelə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə, gimnaziyalara keçirilən başçəkmələr zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, tibb və dərs otaqlarına, yeməkxana və mətbəxə, asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib, müəssisələrin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.

İnternat müəssisələrində şagirdlərin tədris prosesində sosial məsafə şərtlərinə riayət etmələri üçün sinif otaqlarının müvafiq qaydada hazırlandığı, həmçinin yataqxanada çarpayıların sayının azaldılaraq ara məsafəsinin standartlara uyğun düzüldüyü müşahidə edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində isə təmirin yekunlaşmadığı və tədrisə hazır olmadığı müşahidə olunub.

Eyni məsələlər yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evlərində də araşdırılıb, müəssisələrin yeni tədris ilinə hazırlığı, o cümlədən xüsusi karantin rejimi və pandemiya şəraitində tədris və təlim-tərbiyə aparılmasına hazırlıq prosesi qənaətbəxş qiymətləndirilib. Suraxanı rayonundakı 2 saylı uşaq evində ümumilikdə saxlanma şəraitinin təkmilləşdirilməsinə ehtiyac olduğu, Xətai rayonundakı 3 saylı uşaq evində isə uşaqların tədrisə hazırlığına mane olan hallara yol verildiyi müşahidə olunub.

Həyata keçirilmiş başçəkmələr zamanı saxlanılma şəraiti  ilə bağlı yerində həlli mümkün olan bəzi məsələlər müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb, onların təminatına dair tövsiyələr verilib.

Başçəkmələr zamanı Ombudsman Aparatının əməkdaşları tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında bu təhsil müəssisələrinin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, uşaq hüquqlarının həyata keçirilməsi və COVID-19 pandemiyası ilə bağlı məlumatlandırma tədbirlərinə geniş yer verilməsi, bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmələrin yekununda müəssisələrə COVID-19 pandemiyası ilə bağlı və digər maarifləndirici xarakterli materiallar  təqdim edilib.

Son xəbərlər

Orphus sistemi