Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə baxış keçirilmiş kameralarda təkbətək qaydada görüş keçirilib
Daxili siyasət
29 Mart , 2017 18:48
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir
courtesy image

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə saxlanılma şəraiti və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə həmin müəssisənin kameralarına, yeməkxanasına baxış keçirilmiş, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə baxış keçirilmiş kameralarda təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.

Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi