Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən 21 sentyabr Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh mədəniyyəti və insan hüquqları” mövzusunda onlayn tədbir keçirilib.
"Report" xəbər verir ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə regional mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax rayon şöbəsinin birgə təşkilatçılığı, fəal gənclərin iştirakı ilə 21 sentyabr Beynəlxalq Sülh gününə həsr olunmuş “Sülh mədəniyyəti və insan hüquqları” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1981-ci ildən 21 sentyabr tarixi bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və sülh günü tək xalqlar arasında deyil, həmçinin ailə və cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır.
Azərbaycan Respublikasının sülhsevər siyasəti ilə dünyada və regionda sülhün möhkəmlənməsinə hər zaman öz dəyərli töhfələrini verdiyini diqqətə çatdıran S.Abbasov ölkəmizdən fərqli olaraq Ermənistan Respublikasının öz destruktiv siyasəti ilə vətəndaşlarımızın insan hüquqlarını pozmaqda davam etdiyini vurğulayıb.
Ermənistanın sülhə və təhlükəsizliyə təhdid yaradan dövlət siyasətinin ifşa olunmasında Azərbaycan Ombudsman təsisatının ardıcıl və çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edən S.Abbasov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı dünya ictimaiyyətinə ünvanlanmış müraciətini iştirakçıların diqqətinə çatdırıb.