"Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri törədiblər".
"Report"un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
"Bu gün qürur hissi ilə qeyd edirik ki, məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqları bərpa edilib", - o vurğulayıb.
S.Əliyeva bildirib ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin edilir, bu sahədə qanunvericilik bazası daim təkmilləşdirilir, hüquq müdafiə mexanizmlərinin müstəqil fəaliyyəti üçün geniş imkanlar yaradılır.
O söyləyib ki, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən səmərəli mexanizmlərdən biri də Ombudsman təsisatıdır: "Bu il yaradılmasının 20 ili bu il tamam olan Ombudsman təsisatı müstəqil milli insan hüquqları institutu kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətindəki fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında uğurla davam etdirməkdədir.
Qeyd etmək istərdim ki, biz Ombudsman təsisatı olaraq Konstitusiya qanununda təsbit olunmuş səlahiyyətlərə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxmaqla ölkəmizin yurisdiksiyası altında olan hər kəsin, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, habelə sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsini heç bir ayrı-seçkiliyə yol vermədən həyata keçiririk".
Ombudsman diqqətə çatdırıb ki, həyata keçirilən fəaliyyət çərçivəsində davamlı olaraq insan hüquqlarının təmin edilməsi vəziyyətinin monitorinqi aparılır, bu sahədə mövcud problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılır, həlli istiqamətində zəruri tədbirlər görülür, müvafiq təkliflər irəli sürülür və bir çox hallarda birgə səylər nəticəsində pozulmuş hüquqların bərpasına nail olunur.
"Bundan əlavə cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına töhfə vermək məqsədilə insan hüquqlarını təbliğ edən müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirləri keçiririk.
Yeri gəlmişkən, 2022-ci il üzrə bütün dünyada “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə birləşin!” devizi altında 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri aralığında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyada fəal iştirak edərək ölkəmizdə gender əsaslı zorakılığın qarşısının alınması, bundan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, eyni zamanda zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirmə fəaliyyəti həyata keçirmişik", - S.Əliyeva deyib.