Ombudsman Aparatı ilə YUNİSEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ombudsman Aparatı ilə YUNİSEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub
Daxili siyasət
3 Mart , 2015 20:28
Ombudsman Aparatı ilə YUNİSEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova YUNİSEF-in ölkədəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzeni qəbul edib. 

Görüşdə Ombudsman təsisatı ilə UNICEF arasında 2015-ci il üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb.

Ombudsman Aparatından "Report"a bildirilib ki, görüşdə müvəkkil UNICEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkədə uşaq və gənclər siyasətinin uğurla həyata keçirildiyi, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm tədbirlər gördüyü vurğulanıb. Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyi, müvəkkilin uşaq hüquqları üzrə ombudsmanların Avropa şəbəkəsinin (ENOC) üzvü olduğu diqqətə çatdırılıb.

A.Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini deyib. O, ombudsmanın əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının qorunması sahəsində zəngin təcrübəyə malik olduğunu, innovativ təşəbbüsləri ilə tanındığını bildirib.

E.Süleymanova yaxın keçmişdə həyata keçirilən və müsbət nəticələr vermiş Tvinninq və TAİEX proqramları çərçivəsində təsisatın uğurlu iştirakını, sözügedən layihələr nəticəsində hər iki tərəfin qarşılıqlı olaraq müsbət təcrübəyə yiyələndiyini, layihəyə əsasən görüləcək işlərin də uğurlu olacağına inandığını qeyd edib.

Müvəkkil UNICEF ilə birgə əməkdaşlıq üçün cari iş planında sosial cəhətdən təcrid olunmuş uşaqların tam və məhsuldar olaraq gündəlik həyatlarında təkmilləşmiş keyfiyyətli xidmətlərdən istifadə imkanının genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, Ombudsmanın Milli Preventiv Qrupunun, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasının, regional mərkəzlərin və yerli QHT-lərin də bu prosesə cəlb edilməsinin, uşaq hüquqlarının müdafiəsinin monitorinqinin genişləndirilməsinin diqqət mərkəzində olacağı qeyd edilib.

Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.

Qonaq qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını və müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırıb.

Görüşdə UNICEF-in nümayəndəliyinin rəhbərinin müavini xanım Nafisa Binte Şafiqi və məsul əməkdaşı Ramiz Behbudov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi