Ölkəmizdə böyük uğurların təməlində İlham Əliyevin mütərəqqi yolu dayanır

Ölkəmizdə böyük uğurların təməlində İlham Əliyevin mütərəqqi yolu dayanır Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilib
Daxili siyasət
23 Dekabr , 2020 15:01
Ölkəmizdə böyük uğurların təməlində İlham Əliyevin mütərəqqi yolu dayanır
İlham Əliyev

“Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir:

İlham Əliyev
İlham Əliyev

“Digər həqiqət isə ondan ibarətdir ki, möhtərəm Prezidentimizin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində kreativ və innovativ yanaşmalarla davam etdirilməsi kursu dayanır. Azərbaycan son 16 il ərzində məhz Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilib. Artıq bu gün Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Sosial-iqtisadi, ictimai-siyasi, humanitar, təhsil, səhiyyə və s. çoxşaxəli sahələri əhatə edən bir çox dövlət proqramları uğurla həyata keçirilib, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmlənib. Beləliklə, ölkəmizdə 17 il ərzində əldə olunmuş böyük uğurların təməlində Prezident İlham Əliyevin mütərəqqi yolu dayanır. Hesab edirəm ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub”.

C.Osmanov deyib ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Azərbaycanın hərb və ordu quruculuğu sahəsində inkişafından danışan deputat bildirib ki, bu gün Azərbaycan Ordusunun potensialı göz önündədir: “Ulu öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Bütün bunların nəticəsi olaraq, Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb. Hələ illər öncə Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını bəyan edir, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmayacağını vurğulayır, haqq və ədalət səsimizi çoxsaylı beynəlxalq sammit və konfranslarda bəyanatlarla ucaldırdı. Ali Baş Komandan, Prezident ilham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın yağı düşmən tapdağı altında qalmasına son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdi".

"Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Onlar bizim qürur mənbəyimizdir. Bu gün bütün xalqımız, bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir. Azərbaycan xalqı Prezidentinə, dövlətinə, Ordusuna güvənir. Torpaqlarımızın işğalçılardan azad edilməsi ilə Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Hesab edirəm ki, İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir. Cənab Prezident İlham Əliyev bu böyük qələbə ilə öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazdı”, - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi