Yuxarı

Nazir müavini: "Almaniya Azərbaycanın əsas tərəfdaşlarından biridir"

Xələf Xələfov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri xanım Karin Ştrents ilə görüşüb

Bakı. 10 avqust. REPORT.AZ/ Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri xanım Karin Ştrents ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, X.Xələfov ölkəmizin Almaniya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfərini və səfər əsnasında keçirdiyi görüşlərin, xüsusilə Federal Kansler Angela Merkel ilə görüşünün ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycan və Almaniyanın xarici işlər nazirləri tərəfindən həyata keçirilən qarşılıqlı səfərləri, o cümlədən ATƏT-in Fəaliyyətdə olan Sədri statusunda Frank Valter Ştanmayerin bu yaxınlarında Azərbaycana ziyarətini, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında mütəmadi xarakter daşıyan siyasi məhləhətləşmələr mexanizmini qeyd edən X.Xələfov ikitərəfli siyasi dialoqun inkişafından məmnunluğunu ifadə edib. 

O, Almaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu qeyd edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq müstəvisində iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

O, əməkdaşlığın irəliyə doğru aparılmasında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Karin Ştrentsin ölkəmizə, Azərbaycan parlament nümayəndə heyətinin isə Almaniyaya səfərinin Azərbaycan və Almaniya arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Karin Ştrents Azərbaycanda müşahidə etdiyi inkişafa münasibətdə sevincini ifadə edərək, Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb. O, bu görüşün təşkil olunmasında Prezident İlham Əliyevin rolunu və onun digər ölkə başçıları ilə şəxsi münasibətlərini xüsusi olaraq qeyd edib.

X.Xələfov Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya üçtərəfli görüşün regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb etdiyini və regionun tarixində yeni səhifə açdığını vurğulayıb. Görüşün əhatəli gündəliyə malik olduğunu deyən nazir müavini siyasi, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Xəzər dənizində əməkdaşlığın möhkəmləndirilməsi, nəqliyyat, sənaye, energetika və xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı baxımdan əlverişli imkanlar yaratdığını bildirib. Azərbaycanın digər region dövlətləri ilə də üçtərəfli əsasda əməkdaşlığa malik olduğunu deyən X.Xələfov bu formatda əlaqələrin bütün regionun rifahina xidmət etdiyini söyləyib.

Ermənistanın təhriki və təxribatı ilə baş vermiş məlum aprel hadisələrinə toxunan X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, prezidentlər səviyyəsində Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər haqqında məlumat verib. Beynəlxalq ictimaiyyət tərəfindən mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı hesab edildiyini deyən nazir müavini münaqişənin həll edilməməsinin region üçün ciddi təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. 

Vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün status-kvonun dəyişdirilməsinin və Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymasının vacibliyini qeyd edən X.Xələfov Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunan X.Xələfov Cənub Qaz dəhlizinin inkişafı və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqəti çəkib.

Karin Ştrents ətraflı məlumata görə təşəkkürünü ifadə etdi və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün dostluq qrupunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi