Naxçıvanda “Korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizə. Etik davranış qaydaları” mövzusunda tədbir təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) muxtar respublika Regional bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas iştirakçı kontingenti mədəniyyət sahəsində çalışan şəxslər olub.
Tədbirin məqsədi Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planının fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirmək, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli, əlaqəli şəkildə genişləndirilməsinə imkan yaratmaqdır.
Tədbiri giriş sözü ilə açan MR mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov tədbirin mahiyyəti barədə məlumat verib. Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və DİM Naxçıvan Regional bölməsinin aparıcı məsləhətçisi Mahir Abbasov mövzu ilə bağlı çıxış ediblər.