Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib
Daxili siyasət
23 Fevral , 2017 17:29
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilib

Bakı. 23 fevral. REPORT.AZ/ Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

"Report"un xəbərinə görə, sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olub: "Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilib, ekoloji vəziyyət sağlamlaşdırılıb, sosial infrastruktur layihələri həyata keçirilib. Aparılan təhlillərdən aydın olur ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur. Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunan çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır".

O vurğulayıb ki, əkin sahələrində suvarmaya nəzarət gücləndirilməlidir: "Müasir suvarma metodlarına üstünlük verilməməsinin nəticəsidir ki, Şərur rayonu üzrə 330, Babək rayonu üzrə 93, Culfa rayonu üzrə 66, Kəngərli rayonu üzrə 124, Sədərək rayonu üzrə 3 min 229, Naxçıvan şəhəri üzrə 280 hektar, ümumilikdə 4 min 122 hektar torpaq sahəsi şoranlaşmış, Şərur rayonu üzrə 3 min 198, Babək rayonu üzrə 714, Ordubad rayonu üzrə 36, Culfa rayonu üzrə 584, Kəngərli rayonu üzrə 1118, Sədərək rayonu üzrə 112, Naxçıvan şəhəri üzrə 420 hektar olmaqla, cəmi 6 min 182 hektar torpaq sahəsi isə çəmənləşməyə məruz qalıb. 2017-ci ildə şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün aid təşkilatlar tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə başlamalıdırlar".

Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilib.

Ali Məclisin sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcək: "Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır".

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Bununla da sessiya başa çatıb. 

Son xəbərlər

Orphus sistemi