Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, toplantıda iki məsələ müzakirə olunub.
Bunlar “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ əsasında hazırlanmış “Media haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi haqqında” qanun layihəsidir.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov iclasın gündəliyində duran birinci məsələ ilə bağlı bildirib ki, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə 6 oktyabr 2023-cü il tarixdə dəyişikliklər edilib. Ali Məclisin Daxili Nizamnaməsində həmin dəyişikliklərə müvafiq uyğunlaşdırma aparmaq məqsədilə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb və Hüquq siyasəti komitəsində müzakirə olunub.
Hər iki layihə müzakirə olunaraq qəbul edilib.
Bundan başqa cari məsələlərə baxılıb. Müzakirə zamanı deputatlardan Turan Məmmədli, Yeganə Məmmədova, Aidə Allahverdiyeva, Esmira Həsənova və Əmir Babayev içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması və digər mövzularda çıxış ediblər.
Anar İbrahimov deputatlar tərəfindən qeyd olunan müraciətlərin ümumiləşdirilərək, Nazirlər Kabinetinə göndərilməsi barədə tapşırıq verib.