Yuxarı

​Müsavatın bir qrup üzvü partiya sıralarından istefa verib - SİYAHI

Elşən Həsənov: Arif Hacılının və Divan üzvlərinin müdaxiləsi ilə belə hallar baş verir

Bakı. 18 mart. REPORT.AZ/ Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvləri Elməddin Qəmbər, Vidadi Həsənov, Nizami Əliyev, Ehtiram Məmmədov, Asif Yusifov, Rövşən Əliyev, Musa Əsgərov və Rövşən Həsənli partiya sıralarından istefa veriblər.

Bu barədə "Report"a partiyanın üzvü, hüquq müdafiəçisi Elşən Həsənov məlumat verib. O bildirib ki, istefalara səbəb partiyanın Sabunçu təşkilatında sədrliyə keçirilən seçki ilə bağlı olub: "Təşkilatdakı hörmətimə, fəaliyyətimə baxmayaraq, partiya rəhbərliyi mənə Sabunçu təşkilatında sədr seçilməyə imkan vermədi. Çünki mən partiya rəhbərliyini tənqid edirəm. Ona görə də keçmiş sədrə tapşırıq veriblər ki, Elşən Həsənov sədr olmasın. Bunların əməllərinə görə o qədər istefalar olub ki... Hazırda on nəfərə yaxın üzv Sabunçu təşkilatında baş verənlərə görə partiyadan istefa verib. Bu, partiyanın gücləndirilməsinə yönəlib?!"

E.Həsənov təşkilat sədrliyinə keçirilən seçkilərə partiya rəhbərliyinin müdaxilə etdiyini qeyd edib: "Təşkilatda iki dəfə seçki keçirilib, birinci dəfə kvota olmadığına görə seçki baş tutmadı. Onda açıq-aşkar təşkilat departamentinin rəhbəri Zöhrab Məhərrəmli təşkilat üzvlərinə zəng edərək "İsa Qəmbər Arif Haclının adından tapşırıb ki, Elşən Həsənov sədr seçilə bilməz" deyib. Partiya rəhbərliyi seçkiyə müdaxilə edib. Rəqibim pis adam deyil, amma bunun adını kəndlərdə eşitməyiblər. Təşkilatın inkişafına dəstək verən adam ona səs verər? Arif Hacılının və Divan üzvlərinin müdaxiləsi ilə belə hallar baş verir".

Hüquq müdafiəçisi əlavə edib ki, ona həm də başqanlığa sabiq namizəd Tural Abbaslını dəstəklədiyinə görə əngəllər yaradılır: "Tural Abbaslı ilə dostam. Hesab edirəm ki, o, partiyada vicdanlı müsavatçılardandır. Onu dəstəklədiyimə görə mənə düşmən mövqeyi tutdular. Hamısı Arif Hacılının tapşırığı ilə həll olunur".

Müsavat Partiyası başqanının müavini Elman Fəttah "Report"a deyib ki, təşkilat sədrliyinə seçilə bilməyən şəxs məkrli niyyətini həyata keçirərək partiyaya böhtan atırsa, belə şeylərə ciddi yanaşmaq olmaz. O bildirib ki, Müsavat Partiyasının rayon təşkilatları müstəqil fəaliyyət göstərirlər: "Onlar seçkini gizli səsvermə yolu ilə keçirirlər. Gizli səsvermənin də nəticəsi tam şəffafdır".

Qeyd edək ki, seçkidə Müsavat Partiyasının Sabunçu təşkilatına Elnur Əsgərov sədr seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi