Bakı. 30 mart. REPORT.AZ/ "Müsavat Partiyasının rəhbərliyi deyir ki, deputatlığa namizədliyin irəli sürülməsi ilə bağlı sənədi şəxs özü təqdim etməlidir. Amma partiyanın Nizamnaməsində belə bənd yoxdur, bunu özlərindən uydurublar. Mən namizədliklə bağlı sənədi partiya rəhbərliyinə təqdim etmişəm, Gülağa Aslanlı da qəbul edib".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin müavini Ellada Məmmədli deyib.
O bildirib ki, Məclisdə ADR-də təmsil olunan Müsavat üzvlərinin də namizədliyinin irəli sürülməsi təsdiq olunmalıdır: "Düşünürəm ki, namizədliyimizin irəli sürülməsi Müsavat Məclisi tərəfindən təsdiq olunmalıdır. Təsdiq olunmaması onlara başucalığı gətirməyəcək, bu, yalnız onların qərəzindən irəli gələ bilər. Amma deyim ki, qərarın bizə qətiyyən təsiri yoxdur".
E.Məmmədli partiya rəhbərliyinin ADR-də təmsil olunan Müsavat üzvlərinə çağırışına da münasibət bildirib: "Onlar çox xırda şeylərdir, istəklərini yaza bilərlər, amma onların fikirlərinin partiya Nizamnaməsinə heç bir aidiyyəti yoxdur. Kin və qərəzdən başqa heç nə ifadə edə bilmirlər. Özlərini "facebook"da yaradılan qapalı qruplarda, rəhbərlərinin yanında böyük aparırlar, vəssalam".