Müsavat rəhbərliyi Hikmət Hacızadənin partiyadakı fəaliyyətini dondurmasına münasibət bildirib

Müsavat rəhbərliyi Hikmət Hacızadənin partiyadakı fəaliyyətini dondurmasına münasibət bildirib Başqan müavini: "Nizamnamə pozuntusuna yol verən şəxslər barəsində nizamnamə çərçivəsində tədbirlər görülür"
Daxili siyasət
13 Noyabr , 2014 15:46
Müsavat rəhbərliyi Hikmət Hacızadənin partiyadakı fəaliyyətini dondurmasına münasibət bildirib

Bakı. 13 noyabr. REPORT.AZ/ "Kamil Xəlilbəyli ilə bağlı MNTK-ya şikayət olub. Həmin şikayət araşdırılaraq K.Xəlilbəylinin partiya sıralarından kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib. Amma qərar heç də Hikmət Hacızadənin yazdığı kimi, onun ictimai-siyasi fəaliyyəti, yaxud partiyada kimisə dəstəkləməsi ilə əlaqəli deyil".

Bunu "Report"a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvü K.Xəlilbəyli ilə bağlı qərarından sonra Məclis üzvü H.Hacızadənin mövqeyinə münasibət bildirərkən deyib.

O, H.Hacızadənin qərarından təəssüfləndiyini qeyd edib: "H.Hacızadə kimi təcrübəli siyasətçi MNTK-nın qərarının tövsif hissəsi ilə tanış olmadan çıxardığı nəticəni MNTK-nın mövqeyi kimi təqdim edir. O bundan sonra partiya ilə bağlı tələsik qərar verib. Hesab edirəm ki, Hikmət bəy MNTK-nın qərarı ilə tanış olduqdan sonra qərar verməli idi".

G.Aslanlı partiyaya qarşı çağırış edənlərin doğru addım atmadığını vurğulayıb: "Kimlərsə də bu hərəkətləri dəstəkləyə bilər, bu onların öz hüquqlarıdır. Söhbət Müsavat Partiyasının mənafeyindən gedirsə, nizamnamə pozuntusuna yol verən şəxslər barəsində nizamnamə çərçivəsində tədbirlər görülür. Hər bir müsavatçı nizamnaməyə əməl etməlidir. Hər kəs partiyaya daxil olarkən özünün müəyyən hüquqlarından imtina etmək məcburiyyətində qalır. Onlardan biri də daim etik normalara əməl etməkdir".

Müsavat başqanının müavini partiya rəhbərliyinin MNTK-nın qərarlarına təsir etməsi barədə deyilənlərə də münasibət bildirib: "MNTK-nın 8 üzvü var, hamısı müstəqildirlər. Onlara kiminsə təzyiq etməsi mümkün deyil. Ümumiyyətlə, Müsavat Partiyasında kiminsə kiməsə təzyiq etməsi anlayışı son zamanlar ortaya atılan ifadədir. Bu ifadəni işlədənlər bunun partiyaya xeyir vermədiyini anlamalıdırlar".

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının iclasında daxil olan şikayət ərizələrini müzakirə edərək, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarlarından olan K.Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edib. Bu qərardan sonra isə Məclis üzvü H.Hacızadə partiyada fəaliyyətini dondurduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi