Yuxarı

​Müsavat Partiyasının qurultayının nəticələrindən narazı qalanlar qərarlarını gələn həftə açıqlayacaqlar

Səxavət Əlisoy: Yeni formatın birlik və ya partiya olacağı danışıqların nəticəsindən asılıdır

Bakı. 21 noyabr. REPORT.AZ/ "Qurultayın nəticələrindən narazı qalan insanlar yeni format axtarışındadırlar. Aparıcı şəxslər də bununla bağlı danışıqlar aparırlar. Konkret olaraq, Qubad İbadoğlu və Əlövsət Talışxanlı ilə müzakirələr aparmışıq. Danışıqlar bu həftə başa çatır, növbəti həftə qərar verəcəyik".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd, partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı yaradılan işçi qrupunun üzvü Səxavət Əlisoy deyib. O, yeni formatın birlik və ya partiya olacağını danışıqların nəticəsindən asılı olduğunu qeyd edib: "Fraksiya məsələsini məqbul hesab edirdik, amma mümkün olmadı. Hazırda Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi mövzusu da bizim üçün prioritet məsələlərdəndir. Hər şey danışıqların yekununda açıqlanacaq".

Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlı da "Report"a açıqlamasında S.Əlisoyun təşəbbüsünü dəstəklədiyini bildirib. O deyib ki, qurultayın nəticələrindən narazı qalanlara partiyada əngəl yaradırlarsa, onlar da ciddi addımlar atmalıdırlar: "Müsavat Partiyasında xeyli mübarizə apardım. Çalışdım ki, pozitiv nəticə əldə olunsun, amma mümkün olmadı. Hazırda bizim ətrafımızda partiyanın aparıcı qüvvələri birləşib. Qurultayın nəticələrindən narazı olanlar danışıqlar aparırlar, mən də o danışıqlarda yaxından iştirak edirəm. Müzakirələrdən sonra yəqin ki, qərar qəbul olunacaq".

İşçi qrupunun digər üzvü, başqanlığa sabiq namizəd Tural Abbaslı isə "Report"a açıqlamasında yeni birlik və ya partiya yaradılması təklifini dəstəkləmədiyini qeyd edib. T.Abbaslı bildirib ki, işçi qrup partiya yaradılması ilə bağlı qərar qəbul edəcəksə, o, qrupu tərk edəcək: "Mən mübarizəni Müsavat Partiyasının daxilində aparmağın tərəfdarıyam, ona görə də istefa vermək, partiya yaratmaq kimi fikirlərim yoxdur. Kim partiya yaradırsa, özü bilər, bu, onun hüququdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi