​Adil Qeybulla: "Parlament seçkilərində Müsavat Partiyasının namizədi olmayacağam"

​Adil Qeybulla: "Parlament seçkilərində Müsavat Partiyasının namizədi olmayacağam" "Müsavat üzvləri ADR-də təmsil olunduqlarına görə partiyadan xaric edilsələr, bu, Nizamnamə pozuntusu hesab olunacaq"
Daxili siyasət
1 Aprel , 2015 16:51
​Adil Qeybulla: Parlament seçkilərində Müsavat Partiyasının namizədi olmayacağam

Bakı. 1 aprel. REPORT.AZ/ "Müsavat Partiyasının rəhbərliyi tərəfindən ünvanımıza deyilənləri qərəz kimi dəyərləndirirəm. Bizim fəaliyyətimizdə hər hansı anti-müsavatçılıqdan söhbət gedə bilməz. Sadəcə, rəhbərlik bir qrup müsavatçının ADR-də təmsil olunmasını həzm edə bilmir. Onların dediklərini emosiya kimi dəyərləndirirəm". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini, professor Adil Qeybulla deyib.

O, ADR-in ictimai hərəkat olduğunu xatırladıb: "Azərbaycan Demokratiya və Rifah Hərəkatı ictimai hərəkatdır. Bu hərəkat təkcə Müsavat Partiyasının üzvlərindən formalaşmayıb ki... ADR-də cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslər var. Partiya rəhbərliyində olan bəzi dostlarımız bu hərəkatı qılıncla qarşılayırlar, amma buna lüzum yoxdur. Nizamnamədə də göstərilib ki, partiya üzvünün ictimai hərəkatda təmsil olunması qadağan deyil. Bizim addımlarımızda Nizamnaməyə zidd nəsə yoxdur. Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı olanlar ADR-də təmsil olunur. Çalışdıq ki, konsensus əldə edək, amma alınmadı. Buna səbəb partiya rəhbərliyinin addımları oldu. Müsavat üzvləri ADR-də təmsil olunduqlarına görə partiyadan xaric edilsələr, bu, Nizamnamə pozuntusu hesab olunacaq".

A.Qeybulla bu ilin sonunda keçiriləcək parlament seçkilərində namizədliyin irəli sürülməsi ilə əlaqədar Müsavat Partiyası ilə ADR arasında münasibətlərin kəskinləşməsinə də toxunub: "ADR ictimai təşkilat olduğuna görə seçkidə iştirak edə bilməz. Partiya Məclisi ADR-də olan Müsavat üzvlərinin namizədliyinin irəli sürülməsini təsdiq etməsə, bu, ümumi işin ziyanına olacaq. Bunun üçün qərar verməzdən əvvəl addımlarını ölçüb-biçməlidirlər. Özümün seçkidə iştirakla bağlı konkret qərarım yoxdur, amma siyasi situasiyanı dəyərləndirəcəm və qərar qəbul edəcəm. Qeyd edim ki, qəti şəkildə Müsavat Partiyasının namizədi olmayacağam. Bu birmənalıdır. Bunun səbəbi partiyanın qarşımıza qoyduğu şərtlərdir və mən də təbii ki, bu şərtləri qəbul etmirəm".

Son xəbərlər

Orphus sistemi