Yuxarı
    Bağlamaq

    Başqan müavini: "Müsavat Partiyasının parlament seçkilərində blok şəklində iştirak etmək fikri yoxdur"

    Arif Hacılı ilə Əli Kərimlinin görüşünə AXCP fəllarının qeyri-peşəkar münasibətinin şahidi oluruq

    Bakı. 21 yanvar. REPORT.AZ/ "Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Əli Kərimlinin görüşünə AXCP fəallarının qeyri-peşəkar münasibətinin şahidi oluruq".

    Bunu "Report"a Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib. O xatırladıb ki, Müsavat Partiyasının 2015-ci il illə bağlı Fəaliyyət Planının əsasında siyasi partiyalarla, təşkilatlarla əməkdaşlıq, seçki islahatları, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkilərdə birgə müşahidənin təşkili ilə bağlı əməkdaşlıq məsələləri durur.

    Onun sözlərinə görə, Arif Hacılının da Əli Kərimli ilə görüşü bu kontekstdə keçirilib: "Müsavat Partiyası çalışır ki, müxalifət daxilindəki qarşıdurmalar aradan qaldırılsın. Bununla belə, AXCP funksionerlərinin anlaşılmayan, qeyri-peşəkar yanaşmaları göstərir ki, bəzi siyasi qüvvələr müxalifətdaxili yersiz intriqaların davam etməsində maraqlıdırlar. Biz buna təəssüflənirik. Müsavat Partiyası Milli Şuradan çıxmazdan əvvəl qurum daxilində bir sıra partiyalara, o cümlədən AXCP-yə əməkdaşlıq və müttəfiqlik təklifləri ilə çıxış etmişdi. Düşünürük ki, siyasi təşkilatlar arasında münasibətlər müqavilələrlə tənzimlənməlidir. Amma AXCP buna ehtiyac olmadığını bildirdi. Hazırkı dövrdə hələ də bəzi məsələlərin rəsmi sənəd üzərindən tənzimlənməsini anlamayan siyasi qüvvələrlə əməkdaşlıq çətin olur".

    E.Fəttah partiyasının parlament seçkiləri ilə bağlı müzakirələrdə iştirak etdiyini qeyd edib: "Partiya seçkilərlə bağlı müzakirələrdə iştirak edir. Amma Müsavat Partiyasının parlament seçkilərində blok şəklində iştirak etmək fikri yoxdur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi