Yuxarı

​Sərdar Cəlaloğlu: "Müsavat Partiyası blok yaradılmasının əleyhinədir"

Müsavat rəhbərliyi partiya daxilindəki vəziyyəti nəzərə alıb, bu cür addım atır

Bakı. 31 yanvar. REPORT.AZ/ "Müsavat Partiyası seçkilərdə təkbaşına iştirak etmək istəyir. Ümumiyyətlə, hesab edirik ki, biz seçki ilə bağlı kimisə gözləməli deyilik".

Bunu "Report"a açıqlamasında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, parlament seçkilərində müxalifətin müəyyən bir kəsiminin birləşməsi vacibdir: "Amma bu, o demək deyil ki, ümumi müxalifətin bir araya gəlməsinin vacibliyindən kimlərsə sui-istifadə edib, öz şərtlərini diktə etsinlər. Biz seçki ilə bağlı fikirlərimizi Müsavat Partiyasına bildirdik, onlar da dedilər ki, aprelə qədər bu məsələləri müzakirə etməmək haqqında qərarları var. Hesab edirik ki, bu, yanlış qərardır, çünki bunun uzadılmasına ehtiyac yoxdur. Müsavat Partiyası blok yaradılmasının əleyhinədir. Onları zorla birliyə çağıra bilmərik ki... Belə görünür ki, onlar heç bir partiya ilə blok yaratmaq istəmirlər. Müsavat rəhbərliyi partiya daxilindəki vəziyyəti nəzərə alıb, bu cür addım atır. Düşünürlər ki, hansısa addım partiyada parçalanmaya gətirib çıxara bilər".

S.Cəlaloğlu Mərkəzdə təmsil olunan partiyalarla blok yaradılacağını qeyd edib: "Blokun yaradılmayacağını düşünmürəm. Prinsipcə, Mərkəzdəki partiyaların əksəriyyəti seçkidə blok şəklində iştirak etməyi məqsədəuyğun hesab edirlər. Belə olanda seçkidə blok şəklində iştirak edəcəyik".

Qeyd edək ki, SPDHİM-in son iclasında 10 partiya blok yaradılması ilə bağlı razılığa gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi