Bakı. 22 dekabr. REPORT.AZ/ Sabah Azərbaycanda bələdiyyə seçkiləri üzrə səsvermə 5015 məntəqədə keçiriləcək.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılıb. Seçkilərdə 8 siyasi partiya iştirak edir.
Ümumilikdə 37 077 şəxsin namizədliyi qeydə alınıb.
O bildirib ki, dünən namizədlərin təşviqatı ilə bağlı müddət başa çatdığından onların plakatları yığışdırılıb.
M.Pənahov seçkiöncəsi görülən işlərdən də danışıb: “Ombudsmanla birgə tədbirlər həyata keçirmişik. Treninqlər təşkil olunub, maarifləndirmə işləri aparılıb, çünki seçkilərlə bağlı məlumatların çatdırılması mühüm məsələdir”.
M.Pənohov qeyd edib ki, seçki vaxtı polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Daxili İşlər Nazirliyi bu məsələyə xüsusi diqqət yetirir”.