Yuxarı

​MSK saat 15:00-a olan seçici fəallığını açıqlayıb

4 819 382 seçicidən 32,44 faizi səsvermədə iştirak edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərində saat 15:00-a olan seçici fəallığı ilə bağlı nəticələri açıqlayıb.

“Report”un məlumatına görə, MSK Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, səsverməyə başlayan andan indiyədək ölkə üzrə 4 819 382 seçicidən 32,44 faizi (1563357 nəfər) səsvermədə iştirak edib.

O bildirib ki, "Seçkilər" İnformasiya Mərkəzinə 80-dən çox müraciət daxil olub. Müraciətlər sosial şəbəkələr, “Qaynar xətt”ə zənglə və başqa vasitələrlə edilib. Müraciətlər əsasən seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün olub. İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb.

Qeyd edək ki, 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Seçkidə 8 siyasi partiya iştirak edir, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar.

Seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun da 6 nümayəndəsi müşahidəçi kimi akkreditasiyadan keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi