Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.
Bu barədə "Report"a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd, qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.
Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın, ətraflı şəkildə göstərilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.